Balkanlar səfərim #Kosova

Balkanlar!.. İllərdir görmək istədiyim, musiqisini həvəslə dinlədiyim, hər dəfə oranı necə çox sevdiyimi deyib hamının başının ətini yediyim Balkanlara axır ki gedib çıxdım 🙂 Həm də birbaşa Balkanların “ürəyi” sayılan, ölkəmizlə çox sıx əlaqələri olmayan və haqqında əsasən tarix kitablarından və mediadan eşitdiyim Kosovaya! Kosova albanları  2008-ci ildə mütəqillik elan eləyib Serbiyadan ayrılıblar və indiyə qədər Kosova ilə (2008-ci ildə BMT-nin 1244-cü qətnaməsi əsasında BMT-nin Kosovada katibliyi UNMİK ora nəzarət edir) Serbiya (Serblərə görə- Mərkəzi Serbiya) arasında “frozen conflict” hələ də qalmaqdadır. Serbiya tarixi ərazisi olan Kosovanın müstəqilliyni tanımır. Eynilə bizdəki Dağlıq Qarabağ problemi kimi… Müstəqilliklərini bir çox ölkə tanısa da, Azərbaycan Kosovanın müstəqilliyini tanımır. Ona görə ora “viza” almaq mənim üçün çətin oldu. Nəsimi Rayon Polis İdarəsindən və Daxili İşlər Nazirliyindən Axtarışda olmadığım və heç bir cinayət işimin olmadığı haqqında mənasız bir sənəd aldıqdan sonra onu Xarici İşlər Nazirliyində təsdiq etməli idilər AMMA etmədilər 🙂 Yenə də..çətin də olsa Kosovaya giriş üçün icazə kağızı ala bildim.

Məndən ən çox bu suallar soruşulurdu: Kosovaya hansı proqramla getdim? Öz hesabıma ya “scholarship” le? Rochester Universitetinin Kosovadakı filialı olan American University in Kosova-da  Conflict Transformation, Peace building and Development””  üzrəYay Universitetində iştirak eləyirdim.  Proqrama əsasən, ilk bir həftə hər ölkədə  iki gün qalmaqla Albanya, Moteneqro, Bosnia və Serbiyaya səyahət, iyulun 1-dən 28-nə qədər Priştinada dərslər, həftə sonları Kosovanın müxtəlif şəhərlərinə, tarixi yerlərə gəzintilər təşkil olunurdu. Kosovaya bileti öz hesabıma aldım, yataqxanada qalmaq, yemək, 1 həftəlik Albanya və Monteneqro səyahətlərinin xərclərini Universitet qarşıladı. Mart ayında müraciət etdim, aprelin 19-da qəbul oldum, qaldı viza işləri də axır ki, həll olundu və budur, mən Kosovadayam 🙂

Kosovada ilk günüm. Peşmanlıq hissi. Yenə də dostlar… İstanbuldan Priştinaya gələnə qədər hava limanında bir alban qızla, təyyarədə də bir neçə alban gənclə tanış oldum. Albanlar çox səmimi, istiqanlı millətdi. Dediklərinə görə mən də albanlara oxşayırmışam (Ümumiyyətlə, mənə 1 ay boyunca Balkanlardan olan dostlarım “You look so Balkanian” deyirdi, ərəblər “You look like Arabian girls”, türklərlə də ləhcəsiz türkcə danışırdım deyə elə bilirdilər Türkəm 😀 ) Təyyarə enişə yaxınlaşanda gözüm hava limanı axtarırdı amma pəncərədən ancaq geniş, boş yaşıllıqlar görürdüm. Yanımda əyləşən oğlan “Welcome to Kosovo” deyəndə fikirləşdim ki, WTH…təyyarə elə burdaca enəcək?!.. 22 iyun 2012- ci il. Kosova... Adem Jashari adına Priştina beynəlxalq hava limanına xoş gəldim.

Adem Jashari Prishtina İntermational Airport

Əvvəlcə havaya fikir verdim. Super idi…quru, isti, azca mah əsirdi. Tam sevdiyim kimi!..Amma Hava limanı çox balaca idi. İçərisi təmirsizdi, köhnə klubların içərisinə oxşayırdı. Təhlükəsizlik kamerası- bəlkə var idi, mən görmədim. Ora mənə 1990-cı illər Azərbaycanın hansısa rayonunun avtovağzalını xatırlatdı. Sonra öyrədim ki, oranı avtovağzala oxşadan tək mən deyildim 🙂 Təyyarədən düşüb passport yoxlanışına gedənə qədər ağlımdan min dənə fikir keçirdi, narahat idim, amma o maraqlıdı ki, eyni vaxtda içimdə qəribə bir arxayınlıq da var idi. Narahat idim, çünki bilirdim ki, passport yoxlanışında nəsə problem olacaq. Oldu da… 🙂 Amma artıq burdayam. “Let it be”.. məni 1 aylıq macəra gözləyir 🙂

Albanların çoxu türkcə bilir, ən azından başa düşürlər. Aeroportda da insanlar albanca və türkcə danışırdı. Passportları yoxlayan polislər alban idi, amma mən hər ehtimala qarşı türkcə bilib-bilmədiklərini də soruşdum, bilmirdilər. Sənədlərimə baxıb mimikaları dəyişdi, çox güman ki, əlimdəki sənədin normal viza yox, onun əvəzinə Xarici İşlər Nazirlindən verilən ölkəyə giriş üçün icazə kağızı olduğuna görə. Özü də Scan, sonra print olunmuş versiya  😀 Passportumu və həmin sənədi götürüb harasa getdilər, məni də bir az gözlətdilər amma mehriban rəftar edirdilər. Mənimlə birlikdə Camelia adlı bir Fələstinli qızı da saxlamışdılar, hansı ki o qız sonra mənim otaq yoldaşım olacaqdı. Bir az sonra üzr istəyib buraxdılar, çimadanımı da aldım, rahatlaşdım. Dorm-a (albanca Konvikt) gedəndə yol boyu ətrafa baxırdım. Boş geniş razilər, Balkanların məşhur yaşıl təbiəti, sonra şəhərə doğru tədricən daha müasir yerlər, elə də çox və yeni olmayan avtomobillər. 1389-cu ildə Kosova döyüşünün baş verdiyi Kosovo polje (“j” – onlarda bizim “y” kimi oxunur)

Kosovo Polje

Əslində çox şey gözləmək gülməli idi, ölkə 6 ildir ki, müstəqildir. Şəhərdə də, yataqxanada da adam az idi. Bizi alban əsilli türk oglan Engin qarşıladı. Engin proqram boyu nə problemim olsa mənə çox kömək elədi. Amma orda darıxırdım. İlahi! Bir şəhər bu qədərmi sıxıcı olar, köhnə dəblə geyinən insanları və komunizm rejimi olan şəhərləri xatırladar! Üstəlik mən digər iştirakçılardan tez getmişdim, yataqxanada heç kim yox idi, internet yox idi, heç aeroportda da wifi yox idi (sən demə sadəcə çıxış belə köhnədi, giriş müasir imiş, Kosovadan qayıdanda gördüm).Monteneqroya viza almaq lazım idi deyə tədbirdən iki gün əvvəl tez getmişdim. (AMMA Mən Monteneqroya getdiyim gün onlar Azərbaycana viza rejimini ləğv elədilər 🙂 )   Əşyalarımı otağa atan kimi qaçıb nömrə aldım. Orda da müxtəlif operatorlar var, amma həm internetdən istifadə qiymətlərinə görə, həm də xariclə danışmaq daha ucuzdu deyə İPKO-nu məsləhət gördülər. 8 avroya nömrə, 5 avroya kredit (balansa yüklənən pul) aldım. Kosova çox ucuz yerdi. İPKO-da “Hej” gənclik paketində 500 dəqiqə danışıq, 500 sms, 500 mms, 500 mb internet cəmi 3 avroya… Burda hər şey ucuzdu. İşsizlik, korrupsiya var, əmək haqqları azdı. Amma heç biri insanların əhval-ruhiyyəsinə təsir eləmir. Hamısı şəndi, sadədi, gülərüzdü. Şəhərlə tanış olduqca mühitə də uyğunlaşırdım. Orda yolu azmaq mümkün deyil, insanları həddindən artıq mehriban və sadədilər. Haranısa soruşsaz dil məsələsində bir-birini başa büşsəz başa salırlar, olmasa sizi həmin yerə qədər aparırlar. Artıq əsas yerləri tanyırdım. KEK – Kosovanın elektrik stansiyasıının binasıdı, qarşısında Ortodoks Serb kilsəsi var, həmin iki tikilini hamı tanıyır və çox yeri bunlara əsasən soruşub tapmaq olur. Menza- yataqxanaya yaxın internet kafedi, Mother Teresa küçəsi- bizim Tarqovinin kiçik forması. Mother Teresa sən demə Kosovalı imiş (amma alban yox), hər yerdə onun heykəlləri, adına küçələr var.

Mother Teresa heykəli

Sonra AUK-a gedib universitetlə və proqram iştirakçıları ilə tanış oldum. Universitet bizdəkilər qədər böyük deyil amma çox rahatdı. İnterneti, kitabxası, media mərkəzi, hər mərtəbədə geniş auditoriyalar, 1-ci və 2-ci mərtəbədə komputyer laboratoriyaları, dəhlizlərdə divanlar- hər şey var. Hər məttəbədə bütün divarlar boyu tələbələrin fotoları, əl işləri, 9gags memlərdən düzəltdikləri karikaturalar, tədbirlərdən şəkillər var idi. Çox şirin və səmimi görünürdü.

AUK tələbələrinin hazırladığı memlər

Kosovaya getməyimə keçən ildən tanıdığım alban dostlarım kömək etdilər. Orada olduğumu öyrənib bir az sonra məni qarşılamağa gəldilər və birlikdə Priştinadan Mitrovicaya getdik. Günün təəsüratları tam dəyişdi, kefim açıldı. Mitrovica Priştinadan kiçikdi amma ora daha çox xoşuma gəldi. Gəzməli çox yer çox deyil amma şirin şəhərdi. Həm də maraqlı tarixi əhəmiyyəti var- Kosova müharibəsi vaxtı albanlar serbləri şimala tərəf qovublar və şəhər elə bil iki yerə ayrılıb. Şimal və Cənub hissəni 3 körpü ayırır. İki il əvvəl açılan əsas körpüyə KFOR və EULEX polis işçiləri nəzarət eləyirlər. Serblər və albanlara bir-birlərini tərəfinə keçmək bəzən problem yaradır. Çox maraqlı idi. Körpünün bir tərəfində albanların Riverside kafesi, hər axşam əylənməyə getdikləri BarCode, o biri tərəfində barrikadalar, Serb bayraqları, bütün yol nişanları, serb dilində plakatlar, pul vahidi dinar. Hətta mən şimal tərəfə keçəndən sonra nömrəm işləmədi, ancaq cənub tərəfə qayıdanda təzədən işlədi… Cəmi 1 körpü, 3-4 metrlik məsafə və iki tərəfdə tam ayrı dünyalar… Şimalda evlər, küçələr daha müasirdi. Buranı Belqrad maliyyələşdirir və Serb höküməti bura çoxlu serb köçürməkdə maraqlıdı, həm də onlara təhsildə və məişət həyatda maliyyə dəstəyi verir, rahatlıqlarını da təmin edir. Burda divarlardakı qrafittilər diqqətiim çəkdi Hər yerdə EULEX əleyhinə  “EULEX go home” yazılmışdı 🙂

Kosovska Mitrovica. Şəhəri cənubdan ayıran körpü və barikadalar.

KFOR

Mitrovicanın şimalına ilk səfərimdə getmədim, Amma sonrakı səfərlərdə  iki dəfə qarşı tərəfə keçdim, hansı ki bu hələ ki illərlər orada yaşayan albanlar bunu etmeyib 😀 . Xüsusən də KFOR əməkdaşlarının yanından əl-qolumu sallaya-sallaya getmək başqa həzz idi 🙂

Dostum evlərinə dəvət etdi. İlk dəfə bir alban ailəsinin evinə qonaq getdim. Çox qonaqpərvərdilər. Albanlar qonağa əsasən türk çayı (əslində Seylon çayıdı amma türklərin armudu stəkanlarında içilir deyə Türk çayı deyirlər), türk kahvesi verirlər. Adətlərinə və yeməklərinə görə Kosova albanları bizə və türklərə Albanya albanlarından daha çox yaxındılar.  Axşam əylənməyə getdik. Mitrovicada gecə həyatı zəifdir. Gənclər çox pozitivdi, əylənməyi sevir, amma maximum gecə saat  2-yə qədər. Amma şimalda serblər tərəfdə səhərə qədər əyləncə var. Bir gecə Mitrovicada qaldıqdan sonra özümü orda daha doğma hiss etdim, çünki tək deyildim, dostlarım var idi, məni əylədirmək üçün əllərindən gələni edirdilər 🙂

Kosovada əhalinin 90 %_i müsəlmandı deyə məscid çoxdu. Namaz vaxtları azan səsləri bir-birinə qarışıb xor kimi səslənirdi. Valehedici idi! Mitrovicadakı və Prizren şəhəridəki məscidləri Türklər təmir etdirib. Ona görə albanlar Erdoğanı çox sevirlər, hətta ona sözün əsl mənasında pərəstiş edirlər…

Serblər isə 5 əsr Osmanlının tərkibində qalıblar deyə türkləri sevmirlər. Hətta dönərə belə yunan adı veriblr- gyros. Məncə nə olur olsun ətrafda hələ də izləri açıqca hiss edilən Osmanlı mədəniyyətini inkar eləyə bilməzlər!

Mitrovica. Qum Məscidi.

Kilsələr isə Kosovada artıq “minorities group” kimi adlanan serblərin yaşadığı kəndlərdə çoxdu. Ən məşhur və ən qədim kilsə 14- cü əsrdə tikilən Gracanica monastrıdı. Bura indi Serbiya Respublikasının və UNESCO-nun tarixi əhəmiyyətli və qorunan mədəniyyət abidələrinə aiddi. Serblərin kəndləri ayrı olsa da az sayda müsəlmanlar da yaşayır. Serblərlə albanlar çox mehriban düşmənlərdi birlikdə yaxşı yola gedirlər, təhsil alırlar, işləyirlər, hətta sevirlər, ailə qururlar. Bu çox xoşuma gəldi. Serblərlə albanlar kənardan özlərinə baxıb eyni cəhətlərinin nə qədər çox olduğunu görsələr konfliktə girməzlər.. 500 il Osmanlı İmperiyasının əsarəti altında qalmaq adətlərinə, dillərinə təsir edib. Məsələn, həm serblər həm albanlar telefonla danışıb sağollaşanda “Hajde” deyirlər, axmağa – “budal”, albancada işlənən  “beşik” də türk sözüdür. İnşallah, Maşallah kimi dini ifadələr də İslamdan gəlib.

Türklərin təşkil elədiyi iftar çadırı

Bir də Balkanlarda o xoşuma gəlir ki, elə bil Federasiyadı. Ölkələri bir-birinə yaxındı,  bir-birlərinin dillərini başa düşürlər və vizasız gedib gəlirlər. Sadəcə Kosova passportu olanlar Serbiyaya və Bosniyaya gedə bilmir, çünki ölkənin müstəqilliyini tanımırlar. Serb passportun varsa işin rahatdı, istənilən Balkan ölkəsinə vizasız gedə bilərsən. Mənim Monteneqroya vizam Makedoniyadan alındı. Proqramın rəhbəri iş çıxışı Skopyeyə getdi, vizamı 1 gündə aldı gəldi..

Getdiyim ilk gündən o qədər maraqlı insanlar tanıdım, yeni məlumatlar aldım ki, günün əvvəlindəki niyə bura gəldim deyə peşmanlıq hissim keçib getdi 🙂 İkici günüm də Mitrovicada dostlarımla birlikdə çox maraqlı keçdi. İndi məni 1 həftəlik Albanya və Monteneqro səfərləri (bu tam ayrı bloq postun mövzusudu) sonra Kosovaya qayıdış, dəsrlər, Kosova prezidenti Atifete Jahjaga ilə görüş və yeni müəllimlərlə tanışlıq gözləyirdi… Yeri gəlmişkən, Kosova prezidenti çox sadə qadın idi. Yəqin ki bizdə bir dekanın qəbuluna düşmək Kosova prezidentinin qəbuluna düşməkdən çətin olar.. Bu barədə tvitterdə də yazmışdım ki, sadəliyindən dövlət başçısı yox, universitet müəllimi təsiri bağışlayırdı 🙂

Kosova Prezidenti ilə görüşdən

Əvvəlində nə cür çətinlik olur olsun, cəhd etməyə, getməyə, görməyə, təcrübə qazanmağa dəydi! Ordan qayıdandan sonra işimdə problemlər oldu amma qazandığım təcrübəyə, aldığım keyfiyyətli dərslərə, gördüyüm cənnət yerlərə görə deyirəm ki, Yaxşı ki getdim! Tələbə həyatı üçün çox darıxmışdım, 1 aylıq da olsa yuxusuz gecələr keçirib paper yazmaq, uzun leksiyalar, qalın kitablar, yorğunluq, əyləncə, yeni dostlar.. Bunları yaşamaq əla hiss idi 🙂

P.S Bizdə Boaniya səfirliyi yoxdu, #qınıyıram. Bosniaya viza almaq İstanbula getmək lazımdı. Mənim isə vaxtım az idi, gedə bilmədim. Proqramda Bosniyaya səfər Serbiya səfərindən əvvəl idi deyə Serbiyaya da gedə bilmədim. Sarajevo və Belqradı görmək qismət olmadı. Hələki.. Növbəti Balkanlar səfərim Serbiyaya, Bosniaya və Xorvatiyaya olacaq 🙂

P.P.S Orda Azərbaycanı çox sevirlər. Bəziləri ölkənin adını Eurovision-a görə eşitmişdi, bəziləri heç adını da eşitməmişdi amma əasən bizi və türkləri özlərinə yaxın bilirlər.

 

P.P.P.S Go and discover Balkans! You’ll love it!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: